+Böyük Çillə 200px|framelessTəbrizdə Çillə gecəsi süfrəsi Daxil olan dövrlər QaraqışKeçirilən mərasimlər Çillə gecəsi Səməni bayramı Səddə bayramı Əvvəlki dövr Payızdan qışa dönən vaxt Sonrakı dövr Kiçik Çillə Müddəti 22 dekabr–1 fevralQidalar Çillə qarpızı, səməni halvasıMilli qeydiyyat nömrəsi DB0204010003
Böyük Çillə () – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir.
Müddəti Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir.
Təsviri Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.
Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.
Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyini artırır, ziyanvericiləri öldürür, ağacları tez çiçəkləməyə qoymur. Su gecə donduğu üçün ağaclar qış yuxusundan gec oyanır, bəhrəli olur. Təbiətşünas Həsən bəy Zərdabi bu ayı Kiçik Çillə ilə müqayisə edən bir zərb-məsəli qeyd etmişdir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər".
Böyük Çillə dövrünə düşən Səməni bayramında cücərdilən səməni insanların taxıl məhsulunun yetişməsi, təbiətin oyanması istəyinin simvoludur. Yəni, məhsul evdə necə cücərdilirsə, sahədə də elə cücərsin. Halva bişirmək üçün səməni əzilir, suyu çıxardılır. Yeddi evdən alınmış buğda unundan bu suda xəmir yoğrulur. Halva pişirilən evdə qızlar, gəlinlər yallı gedir, mahnı oxuyurlar. Halvanın içinə istilik verən ədviyyatlar (qara istiot, darçın, mixək, razyana, quluncan, badyan, qulsakəmər, zəncəfil, hil) vurulur, qoz və ya badam ləpəsi əlavə edilir.
Daxil olan dövrlər və mərasimlər Çillə gecəsi. Böyük Çillənin başladığı 22 dekabr günü "Çillə bayramı" adlanır. Bu gecə ilin ən uzun gecəsi olduğu üçün "Çillə gecəsi" adlandırılır. Qaraqış. Böyük çillənin soyuq günləri belə adlandırılmışdır. Qışın doqquzuncu günü. Azərbaycanlıların inanclarına görə həmin gün gecə yarısından sonra ayaz vurmuş almanı yeyən uşaqsız qadının uşağı olar. Səməni bayramı. Böyük Çillədə keçirilən bayramın köhnə adıdır. Bu bayrama bir çox ayinlər (səməni cücərtmə, yallı və s.) daxildir. Səddə bayramı. Böyük və Kiçik Çillənin sərhədində, Novruza 50 gün qalmış keçirilən bayramdır. İnsanlar böyük tonqal yandırıb, şənlik və tamaşalar keçirir.
İstinadlar
Ədəbiyyat Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb. Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
Kateqoriya:Azərbaycan folkloru Kateqoriya:Böyük Çillə